AZƏRBAYCANIN İSVEÇDƏKİ SƏFİRLİYİ İKİ ÖLKƏ ARASINDA ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ FƏAL İŞ APARIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İsveçdəki səfirliyi iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.
Sentyabrın 15-də Stokholmdakı “Nalen” konsert zalında xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Azərbaycan Gənclər Simfonik Orkestri İsveç hökumətinin, parlamentinin, işguzar dairələrinin, diplomatların və diasporumuzun fəalları üçün konsert vermişdir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunmuş konsertdə Ü.Hacıbəylinin, Q.Qarayevin, T.Quliyevin, V.A.Motsartın, P.Çaykovskinin və başqa bəstəkarların əsərləri ifa olunmuşdur.
Sentyabrın 16-da Stokholmda - İsveçin ən böyük banklarından “SEB Bank”ın binasında Azərbaycan-İsveç biznes forumu keçirilmişdir.
Ölkəmizin İsveçdəki səfirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “SEB Bank”ın birgə təşkil etdikləri tədbirdə informasiya texnologiyaları və telekommunikasiya, əczaçılıq sənayesi, tikinti, maliyyə, turizm, nəqliyyat, məişət tullantılarının emalı və digər sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak etmişlər.
İsveçin ticarət naziri xanım Eva Byörlinq biznes forumun açılışındakı çıxışında İsveç-Azərbaycan əlaqələrinin genişlənməsinin vacibliyini vurğulamış, həmçinin Azərbaycanın son illər iqtisadi və digər sahələrdə qazandığı uğurları qeyd etmişdir.
Nazir Azərbaycan hökumətini Dünya Bankının “Doing Business-2009” hesabatında öz reytinqini 64 pillə yaxşılaşdıraraq 33-cü yerə çıxması və hesabatda Azərbaycanın dünyada ən islahatçı ölkə elan olunması münasibətilə təbrik etmişdir.
Forumda müxtəlif sahələri təmsil edən iş adamlarının iştirakının geniş məlumat və təcrübə mübadiləsi aparmağa imkan verdiyini qeyd edən Eva Byörlinq demişdir ki, bu cür tədbirlər bir-birimizi daha yaxından tanımağa xidmət edəcəkdir. Biz ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə həm də belə tədbirlərin sayəsində nail ola bilərik.
Azərbaycanın İsveç Krallığındakı səfiri Rafael İbrahimov forumun açılışı mərasimindəki çıxışında tədbir iştirakçılarını salamlamışdır.
Səfir Azərbaycanın İsveç ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırmış, bu forumun ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini demişdir.
“SEB Bank”ın nümayəndəsi Erik Bekfrage ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından biznes forumun əhəmiyyətini vurğulamışdır.
AZPROMO-nun prezidenti Emil Məcidov Azərbaycanın biznes və sərmayə mühiti barədə ətraflı məlumat vermişdir.
İsveç İnvestisiya Agentliyinin nümayəndəsi Maqnus Runnbek ölkəsinin iqtisadiyyatı haqqında danışmışdır.
Azərbaycan İnvestisiya Şirkətinin (ASC) icraçı direktoru Anar Axundov xarici sərmayəçilərlə birgə həyata keçirilən investisiya layihələri haqqında məlumat vermişdir.
Biznes forum çərçivəsində səfirlikdə iştirakçılar üçün caz axşamı keçirilmişdir. Tədbirdə gənc pianoçu Emil Məmmədov şəxsi kompozisiyalarını və Azərbaycan caz bəstəkarlarının əsərlərini ifa etmişdir.
######
