Azərbaycanın Litvadakı səfiri Şaulyay şəhərində bir sıra görüşlər keçirib
Vilnüs, 14 may, AZƏRTAC
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin Şaulyay şəhərinə səfəri çərçivəsində yeni seçilmiş mer Arturas Visotskasla görüşüb.
Görüşdə H.Məmmədzadə Azərbaycan və Litva arasında bir sıra sahələrdə əlaqələrə dair məlumat verib. Şaulyay və Şəmkirin qardaşlaşmış şəhərlər olduğunu nəzərə alaraq, bu müstəvidə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, birgə gələcək layihələr, eyni zamanda, mümkün investisiyalar mövzusunda fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti tərəfindən təhsil sahəsinə xüsusi diqqətin yetirildiyini qeyd edən səfir hazırda Litvanın beş universitetinin xarici ölkələrdə təhsil üzrə dövlət proqramına daxil edildiyini və Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını deyib. H.Məmmədzadə hazırda bir çox Azərbaycan və Litva universitetləri arasında birbaşa əməkdaşlığın mövcud olduğunu və bu cür əlaqələrin Şaulyay Universiteti ilə də mümkünlüyünü qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən multikulturalizm mövzusunda təşkil edilən mühazirələrin Şaulyay Universitetində keçirilməsi müzakirə edilib. Litva xalqına Azərbaycanı və azərbaycanlıları daha da yaxşı tanımağa, onlarla yaxınlaşmağa təkan verə biləcək bu mühazirələrdə ölkəmizin mədəniyyəti, tarixi və ədəbiyyatı barədə ətraflı məlumatın cəmləşdiyini vurğulayan səfir bu cür birdəfəlik və ya silsilə tədbirlərin keçirilməsinin mümkünlüyünü qeyd edib.
Keçirilmiş görüşlərdə təhsil, sənaye və istehsalat sahəsində mümkün birgə fəaliyyət müzakirə edilib, yeni layihələr barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Şaulyayın Ticarət, Sənaye və Peşə Palatasının prezidenti Vidmantas Yapertas, palatanın baş direktoru Alfredas Yonuşka və şəhərin bir sıra nüfuzlu iş adamları və istehsalat rəhbərləri ilə də görüşlər keçirilib. Görüşlərdə H.Məmmədzadə Azərbaycanın inkişafı, qeyri-neft sektoruna sərmayələrin qoyulması, ölkə rəhbərliyinin tapşırığı əsasında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər, respublikanın yüngül və ağır sənayesi barədə ətraflı məlumat verib.
Şaulyay sənayeçiləri isə öz növbəsində rəhbərlik etdikləri təşkilat və şirkətlər, onların potensialları, mümkün əməkdaşlığın istiqamətləri barədə söhbət açıblar. Bu mövzularda aparılan danışıqlarda iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, sərmayələrin yatırılması məsələləri müzakirə olunub.
Görüşlərdə Şaulyay Dairəsi Azərbaycanlıları Cəmiyyətinin sədri Bəhram Zeynalov da iştirak edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs