Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adların verilməsinin əks-sədası Türkiyədə
İstanbul, 21 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə fəxri adlarla mükafatlandırılan mədəniyyət xadimləri arasında tanınmış rejissor Məlahət Abbasova da var.
Sevincini AZƏRTAC ilə bölüşən Əməkdar İncəsənət Xadimi M.Abbasova deyib: “Hər hansı bir fəxri ada layiq görülmək hər kəsin həyatında şərəfli və sevindirici hadisədir. Heç gözləmədiyim halda eşitdiyim şad xəbərdən - Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə Əməkdar İncəsənət Xadimi adına layiq görülməyimdən sonsuz qürur duydum. Dövlətimizin başçısına dərin təşəkkürümü ifadə edirəm. Qeyd etməliyəm ki, bu dəfə də Azərbaycan mədəniyyət xadimlərinə fəxri adların verilməsi Türkiyədə böyük əks-səda doğurdu”.
Bu vaxtadək İstanbul Şəhər Teatrının bədii şurasında qeydiyyatdan keçirdiyi və quruluş verdiyi azərbaycanlı yazıçıların əsərlərinin sayının ona çatdığını söyləyən Əməkdar İncəsənət Xadimi sözünə davam edərək bildirib: ”Bütün bu səhnələr Azərbaycan yazıçılarının əsərlərinin geniş teatr tamaşası auditoriyasında tanınmasına və təbliğinə böyük töhfələr verib. Bu əsərlər sözün əsl mənasında teatrımıza, eləcə də mənə şan-şöhrət gətirib. Digər tərəfdən, əlamətdar haldır ki, səhnələşdirdiyim əsərlər məhz qardaş Türkiyənin teatrlarında oynanılıb. Tamaşalarımız çoxsaylı mükafatlara layiq görülüb.
Hesab edirəm ki, mənə verilən bu fəxri ad ölkəmizdən kənarda mədəniyyətimizi tanıdan və təbliğ edən bütün sənətçilərə Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğının təzahürüdür. Fəxri ad sənət adamları üçün dünyanın bütün naz - nemətlərindən yuxarıda durur. Bir daha mənim səhnə fəaliyyətimə bu dərəcədə böyük dəyər verdiyinə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu fəxri ad dövlətimiz, xalqımız və Vətənimiz qarşısında məsuliyyətimi daha da artırır. Daha böyük həvəslə və məsuliyyət hissi ilə çalışmalıyam ki, göstərilən etimadı bundan sonra da doğrulda bilim”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul