Azərbaycanın milli bayramı – Respublika Günü İslamabadda qeyd edilib
İslamabad, 27 may, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim təşkil edib.
Mərasimin keçirildiyi salonda ölkəmizin təbii mənzərələrini əks etdirən fotostendlər qoyulub, müstəqil Azərbaycanın inkişafı haqqında videoçarx nümayiş etdirilib.
Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndikdən sonra səfir Daşqın Şikarov çıxış edərək qonaqlara Respublika Günü ilə bağlı məlumat verib.
Səfir Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 70 illik fasilədən sonra Azərbaycanın yenidən müstəqilliyə qovuşması, ulu öndər Heydər Əliyevin və onun siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin apardıqları quruculuq işləri, bu ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında geniş məlumat verib. İki dost ölkə arasında sarsımaz münasibətlərin olduğunu qeyd edən D. Şikarov bu əlaqələrin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Diplomat Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri haqqında danışıb, həmin səfər zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin təqdim edildiyini xatırladıb.
Mərasim zamanı iştirakçılara Pakistanda ingilis və urdu dillərində Azərbaycan haqqında nəşr edilmiş kitablar, bu ölkənin qəzetlərində Azərbaycan həqiqətlərini əks etdirən məqalələrin nüsxələri paylanılıb. Həmin nəşrlərdə Azərbaycanın müstəqil dövlətçilik tarixi, siyasəti, iqtisadiyyatı, mədəniyyəti və turizm potensialı, həmçinin ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyat və fəaliyyətləri, müstəqil Azərbaycanın inkişafı yolunda gördükləri işlər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən layihələr, Ermənıstan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan Bəy Topçubaşov, Azərbaycan-Pakistan münasibətləri haqqında məlumatlar əksini tapıb.
Tədbir zamanı səfir Daşqın Şikarov və Pakistanın sərhəd bölgələri üzrə federal naziri Əbdül Qədir Bəluc Pakistanın aparıcı televiziya kanallarına müsahibələr veriblər.
Sonda ziyafət verilib.
Tədbirdə Pakistan Prezidenti Administrasiyasının rəhbəri Əhməd Faruk, hakim Müsəlman Liqası Partiyasının baş katibi, senator İqbal Zafar, Senatın və Milli Assambleyanın komitə sədrləri, Milli Assambleyanın üzvləri, bu qurumun sabiq spikeri Gövhər Əyyub Xan, senatorlar, tanınmış siyasətçilər və ziyalılar, Pakistan ordusunun generalları və zabitləri, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, universitet rektorları, diplomatlar, jurnalistlər iştirak ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad