SİYASƏT
Azərbaycanın milli bayramı Astanada qeyd edilib VİDEO
Astana, 26 may, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Qəbulda Qazaxıstan parlamentinin və hökumətinin üzvləri, ictimai-siyasi xadimlər, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun fəalları, jurnalistlər iştirak ediblər.
Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra səfir Zakir Həşimov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi haqqında məlumat verib. O deyib ki, 23 ay yaşamasına baxmayaraq, AXC çox böyük işlər görüb. Təəssüflər olsun ki, 1920-ci ildə bolşevik işğalı nəticəsində müstəqilliyimizə son qoyuldu. 1991-ci ildə isə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ölkəmizin təşəbbüsləri barədə danışan diplomat vurğulayıb ki, Azərbaycan məsələnin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır. O, torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu, 1 milyondan çox azərbaycanlının doğma yurdundan didərgin salındığını diqqətə çatdırıb.
Səfir Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 23-cü ildönümü tamam olur. Müstəqillik illərində həm Azərbaycan, həm də Qazaxıstan siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar qazanıb. Səfir Bakı–Tbilisi-Qars dəmir yolu layihəsi, “Bakı-2015” birinci Avropa Oyunları, 2017-ci ildə şəhərimizdə keçiriləcək İslam Həmrəylik Oyunları haqqında da məlumat verib.
Qazaxıstanın neft və qaz nazirinin müavini Maqzum Mirzaqaliyev Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək ölkəmizin bir çox sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində mühüm nailiyyətlər qazandığını deyib. O, ölkələrimiz arasında ticarət əlaqələrinin artırılması üçün böyük potensialın olduğunu, bunun neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə, təhsil, humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə və ticarət dövriyyəsinin artmasına gətirib çıxaracağını söyləyib.
Maqzum Mirzaqaliyev Azərbaycan ilə əlaqələrə böyük önəm verdiklərini və hökumətlərarası komissiyanın bu əlaqələrin inkişafında mühüm rol oynadığını, komissiyanın növbəti iclasının Bakıda keçiriləcəyini bildirib. Nazir müavini ilk Avropa Oyunlarının keçirilməsində Azərbaycan xalqına uğurlar arzulayıb.
Tədbirdə qonaqlara ilk Avropa Oyunları və paytaxt Bakı haqqında səfirliyin xüsusi olaraq hazırladığı videofilm, əməkdar artist Tünzalə Ağayevanın “Bakı-2015”ə həsr edilən musiqili klipi göstərilib.
Sonra Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana