Azərbaycanın Müstəqillik Günü Serbiyada da qeyd olunub
Belqrad, 29 may, AZƏRTAC
Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç Handanoviç əsas qonaq qismində iştirak edib. Bundan əlavə, müdafiə naziri Bratislav Qaşiç, idman naziri Zoran Qayiç, ailə rifahı və demoqrafiya naziri Yelena Jariç Kovaceviç, beynəlxalq iqtisadi əməkdaşlıq və kilsənin ölkədə və xaricdə sosial mövqeyinə cavabdeh olan portfelsiz nazir Nenad Popoviç, Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç, Mədəniyyət Nazirliyinin dövlət katibləri, Serbiya Milli Assambleyasının sədr müavini Edin Cerlek, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Duşan Mariç və üzvləri, digər dövlət və hökumət rəsmiləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz tədbirdə iştirak ediblər.
“Ulduzunu tap” uşaq xoru tərəfindən hər iki ölkənin Dövlət himnləri ifa edildikdən sonra səfir Kamil Xasiyev çıxış edərək 28 May – Müstəqillik Gününün Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu bildirib, 107 il bundan əvvəl, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə Şərqdə və bütün müsəlman dünyasında ilk parlament tipli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edib.
K.Xasiyev 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 27 il ərzində məhəl qoymadığı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş əraziləri azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən, sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlardan danışıb.
Səfir son illərdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq və səmimi dostluq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini, bu münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsasında qurulduğunu diqqətə çatdırıb. K.Xasiyev Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin ikitərəfli strateji tərəfdaşlığın inkişafında böyük şəxsi töhfələrinin olduğunu bildirib.
Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç Handanoviç iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Nazir ərazi bütövlüyü məsələsində Azərbaycanın prinsipial mövqeyinə görə Serbiya tərəfinin minnətdarlığını çatdırıb və energetika sahəsində əməkdaşlığın perspektivləri olduğunu vurğulayıb.
Tədbir çərçivəsində Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Opera və Balet Teatrının prima sopranosu Yasmina Trumbetaş Petroviçin dünyaşöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısını səsləndirib. Qəbul rəsmi ziyafətlə başa çatıb.
Bundan əlavə, Serbiya Xarici İşlər Nazirliyinin rəsmi “X” səhifəsində Azərbaycanın Müstəqillik Günü ilə bağlı təbrik postu paylaşılıb, Belqradın Slaviya meydanında yerləşən fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad