Azərbaycanın Müstəqillik Günü Strasburqda da qeyd edilib
Strasburq, 29 may, AZƏRTAC
Azərbaycanın Müstəqillik Günü Strasburqda təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Fransanın Strasburq şəhərində rəsmi ziyafət təşkil edilib.
Avropa Şurası rəsmilərinin, diplomatik korpusun və habelə yerli ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov 107-ci il dönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin buraxdığı dərin tarixi iz barədə məlumat verib. 1920-ci əsrin əvvəllərindəki humanist və mütərəqqi prinsiplərdən ruhlanan Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi parlament respublikası qurduğunu xatırladıb və qadınlara seçki hüququnun tanındığını vurğulayıb.
F.İsmayılov 107 il sonra müasir, çoxkonfessiyalı və multikultural bir dövlət olaraq Azərbaycanın gələcəyə böyük inamla baxdığını bəyan edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycanın bundan sonra sülh şəraitində yaşamaq, müharibə və işğal nəticəsində viran qoyulan ərazilərini yenidən qurmaq, ölkəni daha da inkişaf etdirmək və xalqın rifahını gücləndirmək niyyətində olduğunu bildirib.
Ziyafət çərçivəsində gənc və istedadlı azərbaycanlı pianoçu, hazırda Parisin Qarniye Operasında çalışan Müşfiq Quliyev tərəfindən Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.
Həmçinin tədbir boyu qonaqlara ölkəmizin füsunkar guşələri və tarixi məkanlarını əks etdirən videogörüntülər nümayiş etdirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq