Azərbaycanın müstəqilliyinin bərpası dünyadakı həmvətənlərimizin milli qürurunun inkişafına böyük təkan verib
Bakı, 31 dekabr, AZƏRTAC
Küveytdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər” Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə dekabrın 30-da Əl-Küveyt şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Ölkəmizin Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Prezident İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünyada yaşayan həmvətənlərimizə ünvanladığı müraciəti oxunub.
Sonra iştirakçılara Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi, bu bayramın yaradıcısı ümummilli lider Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilib.
Azərbaycanın müstəqilliyini bərpa etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verdiyi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçılara ziyafət verilib.