AZƏRBAYCANIN QİYMƏTLİ KAĞIZLAR BAZARI VƏ ƏLVERİŞLİ SƏRMAYƏ MÜHİTİ RİQADA KEÇİRİLMİŞ KONQRESDƏ XÜSUSİ VURĞULANMIŞDIR
Rusiyanın qiymətli kağızlar üzrə ixtisaslaşan “Sibond” informasiya agentliyinin təşkil etdiyi və 11 ölkədən 300-ə yaxın nümayəndənin qatıldığı konqresdə Gündüz Məmmədov Azərbaycan bölməsinin iclasına sədrlik etmiş, xarici iş adamlarını respublikamızın makroiqtisadi vəziyyəti, iqtisadiyyatın sürətli artım templəri və qiymətli kağızlar bazarının ümumi vəziyyəti ilə tanış etmişdir.
Azərbaycan fond bazarının digər mütəxəssisləri konqresdə çıxış edərək Bakı Fond Birjasının fəaliyyəti, ölkənin qiymətli kağızlar bazarının strukturu, cari tendensiyaları və inkişaf perspektivləri, dövlət qısamüddətli istiqrazlar və bank notları üzrə gəlirliliyin və borclanmanın təhlili, korporativ və dövlət qiymətli kağızlar bazarında gözlənilən risqlər haqqında ətraflı məlumat vermişlər.
“Respublika” Kommersiya Bankının nümayəndəsi istiqraz buraxılışının ilk uğurlu təcrübəsindən, bankın inkişaf strategiyası və perspektivlərindən, maliyyə bazarında tutduğu mövqedən danışmışdır.
Konqresin digər bölmələrindən fərqli olaraq, Azərbaycan bölməsində dünya iqtisadiyyatına sərmayələr yatıran iri xarici investisiya şirkətlərinin təmsilçiləri çıxış etmiş, respublikamızın qiymətli kağızlar bazarının cəlbediciliyini və perspektivlərini vurğulamışlar. Onlar respublikamızın əlverişli sərmayə mühitindən danışmış, bu sahədə ölkəmizin üstünlüklərini xüsusi qeyd etmiş və həmkarlarına Azərbaycana ehtiyatlanmadan sərmayə yatırmağı məsləhət görmüşlər.