Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycanın süni intellekt startapı olan “InnMedia” özünün AI platformasının texnoloji infrastrukturunu genişləndirir və video kontentin yaradılması üçün Çinin “ByteDance” özəl holdinq internet şirkətinin “Seedance” texnologiyalarından istifadə etməyə başlayır.
Bunu AZƏRTAC-a “InnMedia” şirkətinin baş icraçı direktoru Teymur Kutseba deyib.
O qeyd edib ki, birbaşa müqavilə şirkətə müasir video generasiyası modellərini öz istehsal proseslərinə inteqrasiya etməyə və videonu “InnMedia”nın vahid kontent yaratma zəncirinin tamhüquqlu hissəsinə çevirməyə imkan verir.
“Seedance” generativ video sahəsində “ByteDance”in texnoloji baxımdan ən qabaqcıl işləmələrindən biridir. Modellərin son nəsilləri təkcə ayrı-ayrı qısa videoların yaradılmasına deyil, şəkillərdən, videolardan və audiolardan referens kimi istifadə etməklə, kamera hərəkətinə, vizual üsluba, personajlara və səhnələrin ardıcıllığına nəzarət etməklə daha idarəolunan video materialların istehsalına yönəlib.
Məhz görüntü keyfiyyəti, realistik hərəkət və yüksəksəviyyəli nəzarətin birləşməsi “InnMedia”nın “Seedance” texnologiyasını seçməsinin əsas səbəblərindən biri olub. Materialın araşdırılması və hazırlanmasından tutmuş şəkillər, audio və videoya qədər kontentin istehsalının tam dövrünü avtomatlaşdıran platforma üçün video generasiyasının ayrıca alət kimi mövcud olması deyil, vahid texnoloji prosesə inteqrasiya edilə bilməsi daha vacibdir.
“Seedance”ın inteqrasiyası “InnMedia”ya bir ilkin materialın avtomatik olaraq bir neçə kontent formatı üçün əsas ola biləcəyi ssenarini inkişaf etdirməyə imkan verəcək. Məqalə, şəkillər, səsləndirmə və videomateriallar ümumi konteksti qoruyaraq vahid sistem daxilində formalaşdırılır və biznesə və mediaya müxtəlif rəqəmsal kanallar üçün kontenti daha sürətli yaratmaq imkanı verir.
“InnMedia” üçün “ByteDance” ilə birbaşa müqavilə, həm də dünyanın aparıcı texnologiya şirkətləri ilə daha geniş əməkdaşlıq və hər bir konkret vəzifə üçün ən yaxşı ixtisaslaşmış AI modellərindən istifadə strategiyasının bir hissəsidir. Platforma bütün generativ texnologiyaları özü yaratmağa cəhd etmək əvəzinə, müxtəlif texnoloji komandaların güclü işləmələrini öz infrastrukturu daxilində birləşdirir və onları vahid istehsal prosesində əlaqələndirir.
“Seedance”dan istifadə “InnMedia”nın video istiqamətinin inkişafında növbəti mərhələ olacaq. Şirkət texnologiyanı media, korporativ kontent, marketinq kommunikasiyaları və sosial platformalar üçün videomaterialların yaradılmasında tətbiq etməyi, “ByteDance” modellərinin imkanlarını özünün araşdırma, generasiya, nəzarət və kontentin idarə edilməsi sistemi ilə birləşdirməyi planlaşdırır.
Müxbir – Pərvanə Qafarova