Azərbaycanın tatar diasporunun “ALQA 2023” mükafatının təqdimatı olub
Bakı, 25 dekabr, AZƏRTAC
Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyində Azərbaycanın tatar diasporunun “ALQA 2023” mükafatının birinci təqdimat mərasimi təşkil olunub. Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər çərçivəsində keçirilib.
AZƏRTAC xəbər verir ki, “ALQA” mükafatı üç əsas nominasiya üzrə təqdim olunub: “İlin fəalları”, “İlin gənc istedadları” və “İlin kəşfi”. Bundan başqa, xüsusi olaraq, tamaşaçı rəğbəti mükafatı - “Xalqın sevimlisi” mükafatı da təqdim edilib. Laureatlar arasında diaspor fəalları, özfəaliyyət artistləri, gənc ifaçılar, qiraətçilər və rəqqaslar vardı. Azərbaycan tatar diasporunun bütün ulduzları Azərbaycan Respublikası Prezidentinin doğum günündə Tatarıstan nümayəndəliyinin zalına mükafatın birinci təqdimatına toplaşmışdılar.
“ALQA” mükafatının təsisçiləri və təşkilatçıları Azərbaycanın tatar diasporunun fəallar qrupu və Kayum Nasiri İnstitutunun Bakı tədris-mədəniyyət mərkəzidir.
Mükafat Azərbaycanda tatar xalqının etnomədəniyyətinin inkişafına və populyarlaşdırılmasına, ana dilinin və adət-ənənələrinin qorunub saxlanmasına verdiyi töhfəyə görə Azərbaycanın tatar diasporunun fəallarına ilin yekunlarına əsasən təqdim olunub.
Laureatlar tatar ictimai təşkilatlarının rəhbərləri və nüfuzlu təmsilçilərindən ibarət ekspert şurası tərəfindən seçilib.
“Xalqın sevimlisi” nominasiyası üzrə qaliblər səsvermə yolu ilə müəyyən olunub.
“ALQA 2023” mükafatının “İlin fəalları” nominasiyasında laureatları İkinci Qarabağ müharibəsinin veteranı Rasim Yaxin, ədliyyə mayoru Farqat Qafurov, tatar ictimai təşkilatlarının fəalları Zakir Xasmətdinov, Səmayə Zeynalova, Rəfiqə Mamina və Əlfiyyə Bakulina olub. “İlin kəşfi” nominasiyasında fəallar Raisa Şaqulina, Naciyə Buşuyeva və Qədriyyə Kutuşova qalib olublar.
“Gənc istedadlar” uşaq nominasiyasında “ALQA” mükafatına rəqqas Amal Axmadulin, “Ak kalfak” uşaq ansamblının üzvləri Amin Aybatulov və Alsu Yaxina, qiraətçilər Diana Bıkova, Sabina Şamionova, Fuad və Şamil Şamionov qardaşları layiq görülüblər.
“Xalqın sevimlisi” nominasiyasında isə qaliblər tatar diasporunun fəalları - 40 illik ictimai iş stajına malik Zeytunə Qafiulova, İsmayıl Safin, Ravil Abcalilov və Adelya Raxmuşina olublar.