AZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRİ BAŞ NAZİR RƏCƏB TAYYİB ƏRDOĞANLA GÖRÜŞMÜŞDÜR
Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını, dərin hörmət və ehtiramını çatdırmağı səfirdən xahiş edən Türkiyənin Baş naziri ümummilli liderimiz, türk dünyasının görkəmli dövlət və siyasi xadimi Heydər Əliyev ilə unudulmaz görüşlərini xatırlatmış, respublikamızda keçirilən parlament seçkiləri ilə maraqlanmışdır.
Baş nazir Rəcəb Tayyib Ərdoğana seçkilər barədə müfəssəl məlumat verən səfir Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərlə bağlı Sərəncamlarının mahiyyəti barədə ətraflı məlumat vermişdir. Səfir seçkilər zamanı bəzi seçki dairələri və məntəqələrində seçkilərin ümumi nəticələrinə təsir göstərməyən qanun pozuntularına yol verildiyini bildirmiş və təqsirkar vəzifəli şəxslərin cəzalandırıldıqlarını diqqətə çatdırmışdır.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, ümumiyyətlə, hər hansı “məxməri inqilab”ın əleyhinə olduğunu xüsusi vurğulamış, seçkilər zamanı nəticələrə təsir göstərməyən xırda qanun pozuntularının baş verməsinin normal hal olduğunu söyləmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparılmışdır. Baş nazir Rəcəb Tayyib Ərdoğan xarici ölkələrin dövlət və hökumət rəhbərləri ilə görüşlərində bu məsələni həmişə gündəliyə gətirdiyini qeyd etmiş, Türkiyənin Azərbaycanın haqq işini hər zaman dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini söyləmiş, qardaş ölkələrimizin münasibətlərinin mövcud vəziyyətindən məmnun qaldığını, iqtisadi əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verməyin zəruriliyini, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşasının sürətlə aparıldığını nəzərə çatdırmışdır.
Səfir Zakir Həşimov qardaş ölkədə ona göstərilən xüsusi diqqət, qayğı, hörmət və ehtirama görə təşəkkürünü bildirmşdir.