Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Anıtqəbri ziyarət edib
Ankara, 27 oktyabr, АZƏRTAC
Azərbaycan Respublikasının Ankaradakı səfiri Xəzər İbrahim bu ölkədə diplomatik fəaliyyətə başlaması ilə əlaqədar səfirliyin kollektivi ilə birlikdə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbri ziyarət edib.
AZƏRTAC xəbər verir ki, ziyarətdə, həmçinin Ankarada yaşayan, işləyən və təhsil alan bir qrup soydaşımız, eləcə də hərbi məktəblərdə oxuyan və kurslar keçən müdavimlər, diaspor rəhbərləri, elm və sənət adamı, çoxlu sayda ziyalı iştirak edib.
Əvvəlcə Mustafa Kamal Atatürkün əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfirliyimiz adından Anıtqəbrə əklil qoyulub.
Səfir X.İbrahim Anıtqəbrin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Daha sonra ziyarətçilər Anıtqəbr muzeyi ilə tanış olublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara