AZƏRBAYCANIN ÜÇ BOKSÇUSU AVROPA OLİMPİYA TƏSNİFAT TURNİRİNİN NÖVBƏTI MƏRHƏLƏSİNDƏ
Azərbaycanın üç boksçusu İtaliyada boks üzrə keçirilən Avropa olimpiya təsnifat turnirinin növbəti mərhələsinə vəsiqə qazanmışdır.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günü Rahib Bəylərov (75 kq) çernoqoriyalı Bosko Draskoviçə 20:15 hesabı ilə qalib gəlmişdir. Növbəti mərhələdə boksçumuzun rəqibi irlandiyalı Darren Saderlend olacaqdır. Şotlandiya idmançısı Stefan Simmonsu (91 kq) məğlub edən Elçin Əlizadə (13:8) isə növbəti döyüşdə Çernoqoriya təmsilçisi Milorad Qayoviçlə qarşılaşacaqdır.
Azərbaycan yığmasının heyətində David Arjba (91 kq-dan yuxarı) da uğurlu çıxışı ilə yadda qalmışdır. Boksçumuz Finlandiya idmançısı Robert Helleniusu asanlıqla məğlub etmişdir - 22:5. Növbəti mərhələdə onun rəqibi Yunanıstan təmsilçisi Şotz Georgiyos olacaqdır.
İlk döyüşlərdə məğlub olan Aslan Bayramovla (69 kq) Elnur Qədirov (81 kq) isə yarışda çıxışını dayandırmışlar.
Fevralın 26-da rinqə Azərbaycanın daha 4 boksçusu çıxacaqdır. Ceyhun Abiyev (48 kq) Bedak Pal ilə (Macarıstan), Şahin İmranov (57 kq) Mixal Yanosla (Macarıstan), Ramal Amanov (60 kq) Caka Kovaçiçlə (Sloveniya), Emil Məhərrəmov (64 kq) isə Milan Piperski (Serbiya) ilə qarşılaşacaqlar.