AZƏRBAYCANIN VƏ MİSİRİN HAKİM PARTİYALARI ARASINDA ƏMƏKDAŞLIĞIN TƏMƏLİ QOYULMUŞDUR
Əli Əhmədov Saffat Əş-Şəriflə görüşündə əsası 1991-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası barədə məlumat vermiş, Azərbaycanın siyasi həyatında cərəyan edən proseslərdən, ölkəmizdə demokratikləşmə sahəsində əldə olunan uğurlardan danışmışdır. O, Azərbaycanın dünyanın bütün dövlətləri ilə əməkdaşlıq əlaqələrindən bəhs etmiş, siyasi, iqtisadi, insan haqlarının qorunması, demokratiyanın daha da dərinləşməsi sahəsində həyata keçirilən uğurlu islahatların ölkəmizin beynəlxalq aləmdə gündən-günə nüfuzunun artmasında başlıca amil olduğunu qeyd etmişdir. Ə.Əhmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən geniş söhbət açmış, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bu ərazilərdə etnik təmizləmə siyasətinin həyata keçirildiyini diqqətə çatdırmışdır. Azərbaycan rəhbərliyinin münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bildirmiş, işğal edilmiş ərazilərin boşaldılması, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasının zəruriliyini vurğulamış, Dağlıq Qarabağ probleminin regionun və bütövlükdə cəmiyyətin inkişafına ciddi əngəl yaratdığını diqqətə çatdırmışdır.
Şaffat Əş-Şərif hakim Milli-Demokratik Partiyasının fəaliyyəti barədə ətraflı məlumat vermiş, ölkələrimizin hakim partiyaları arasındakı münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Saffat Əş-Şərif qeyd etmişdir ki, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır və problemin həlli istiqamətində Azərbaycanın tutduğu haqlı mövqe ölkəsi tərəfindən yüksək qiymətləndirilir. O, həmçinin Misirin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları, vasitəçilik səylərini, hər iki ölkənin rəhbərlərinin mütəmadi görüş və danışıqlarını dəstəklədiyini bildirmiş, bu münaqişənin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında ən yaxın zamanda sülh yolu ilə həll olunacağına ümid etdiklərini söyləmişdir.
Daha sonra görüşdə Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.