AZƏRBAYCANIN YAPONİYADAKI SƏFİRLİYİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da ölkəmizin Yaponiyadakı səfirliyi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevi səfir Azər Hüseynov və səfirliyin əməkdaşları böyük hörmətlə qarşıladılar və bina barədə məlumat verdilər.
Ötən ilin oktyabrından fəaliyyətə başlayan səfirlik Tokionun mərkəzi hissəsində yerləşir və diplomatik fəaliyyət üçün burada hər cür şərait vardır.
Dövlətimizin başçısı əməkdaşların iş otaqları ilə tanış oldu, müasir tələblərə cavab verən avadanlıqla təmin edilmiş səfirlikdə yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.
Prezident İlham Əliyev yadigar olaraq səfirliyə Bakının mənzərəsi təsvir edilmiş rəsm əsəri təqdim etdi və əməkdaşlarla xatirə şəkli çəkdirdi.