Azərbaycanla Küveyt arasına qida təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 24 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidi ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları səfirin diqqətinə çatdırıb. Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Agentliklə Küveyt dövlətinin müvafiq qurumu arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə onlayn görüş təşkil edilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb. Eləcə də qida məhsullarının (baytarlıq və fitosanitar) idxal-ixrac əməliyyatlarına dair fikir mübadiləsi aparılıb. Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Sazişin imzalanması imkanları nəzərdən keçirilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.