Azərbaycanla Litva icbari tibbi sığorta mexanizmləri barədə fikir mübadiləsi aparıblar
Bakı, 12 aprel, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Litva Respublikasının Milli Tibbi Sığorta Fondunun sədri Qintaras Katsaviçusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, görüşdə Azərbaycan Respublikası Hökuməti ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “İcbari tibbi sığorta mexanizmlərinin Azərbaycanda gücləndirilməsi (2-ci faza)” tvininq layihəsi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, bu layihə istiqamətində əməkdaşlıq icbari tibbi sığorta sisteminin hüquqi və institusional bazalarının gücləndirilməsinə, risklərin idarə edilməsinə, maliyyə və tibbi auditin, monitorinq və qiymətləndirmə sisteminin müasirləşdirilməsinə, yeni aktuar modellərin və proqnozlaşdırma üsullarının işlənilib hazırlanmasına, icbari tibbi sığorta sisteminin rəqəmsallaşdırılmasının asanlaşdırılmasına istiqamətlənib.
TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov TƏBİB-in strateji planı, dövlət tibb müəssisələrinin idarəetmə üsulları, maliyyə və büdcə məsələlərinin optimallaşdırılması, icbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin maliyyələşdirilməsi, onların fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Litva Respublikasının Milli Tibbi Sığorta Fondunun sədri Qintaras Katsaviçus Litvanın sığorta sisteminin tətbiqi ilə bağlı əldə edilən təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.