İQTİSADİYYAT
Azərbaycanla Meksika limanlarının təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Meksika limanları arasında təcrübə mübadiləsi müzakirə olunub.
Meksikanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, iqtisadi-ticari əlaqələri təşviq etmək və onlara təkan vermək məqsədilə Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədri Valeh Ələsgərovla görüşüb. Görüş əsnasında V.Ələsgərov Ələt Azad İqtisadi Zonası haqqında, onun potensialı, strategiyası, hüquqi bazası və rəqabətçiliyi, eyni zamanda, beynəlxalq əməkdaşlıq üçün imkanları barədə məlumat verib. O, Ələt Azad İqtisadi Zonasının Azərbaycanın sənaye, ticarət və logistika inkişafında rolunu vurğulayıb.
Səfir R.Labardini COVID-19 pandemiyasının beynəlxalq ticarətə mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin müsbət və dayanıqlı tendensiya nümayiş edən ikitərəfli iqtisadi mübadilə barədə müxtəlif məlumatları təqdim edib. Bildirib ki, 2019-cu ildə baş verdiyi kimi, bu ilin sonuna da yeni rekord rəqəmlərin olacağı təxmin edilir. Meksika-Azərbaycan ticari əlaqələri tarixində ilk dəfə mübadilənin həcmi 52 milyon dolları üstələmişdi.
Tərəflər iki ölkənin limanları arasında əməkdaşlıq, eyni zamanda, bu sektor üzrə təcrübə mübadiləsi imkanlarını müzakirə edib, qarşılıqlı sərmayələrə dair təşviqin zəruriliyi haqqında danışıblar.