ELM VƏ TƏHSİL
Azərbaycanlı botaniklər ukraynalı həmkarları ilə əməkdaşlıq edəcəklər
Bakı, 3 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu ilə Ukrayna Milli Elmlər Akademiyasının M.G.Xolodnı adına Botanika İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, memorandumu müəssisənin baş direktoru professor Səyyarə İbadullayeva və M.G.Xolodnı adına Botanika İnstitutunun Mikologiya şöbəsinin baş elmi işçisi professor Nina Bisko imzalayıblar. Memoranduma əsasən bitki ehtiyatlarının tədqiqi, toplanılması, çoxaldılması, mühafizəsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, kadrların təcrübə mübadiləsi, görüşlər, mühazirələr, simpoziumlar və s. həyata keçirilməsi nəzərdə tutulub.
Memorandum Botanika İnstitutunda keçirilən “Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində imzalanıb. Konfransda iştirak etmək üçün ölkəmizə gələn xarici qonaqlar arasında professor Nina Bisko da olub. Səyyarə İbadullayeva ilə görüş zamanı qonağa elmi müəssisənin tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verilib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub. N.Bisko tədbirin təşkilini yüksək qiymətləndirərək, beynəlxalq konfransın bioloji müxtəlifliyin tədqiqi istiqamətində əhəmiyyətli töhfələr verəcəyinə əminliyini bildirib.