AZƏRBAYCANLI DEPUTAT SƏNƏD HAZIRLAMIŞDIR
AŞPA-nın yaz sessiyasında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun “Ölüm hökmünün ləğvi haqqında öhdəliyini yerinə yetirməkdən boyun qaçıran üzv dövlətin məsuliyyəti” adlanan qətnamə üçün təklifini AŞPA-nın 40 deputatı imzalamışdır. Onların əksəriyyəti Avropanın tanınmış siyasi xadimləri, AŞPA-nın nüfuzlu deputatlarıdır.
Sənəddə Ermənistanın Avropa Şurası qarşısında götürdüyü vacib öhdəliklərdən birini yerinə yetirməməsi vurğulanmışdır. Bildirilir ki, Avropa Şurasının üzvü olan ölkələrin əksəriyyəti ölüm hökmünü tam ləğv etmiş, bir sıra üzv dövlətlər isə insan hüquqları üzrə Avropa Konvensiyasının müharibə vəziyyətində də ölüm cəzasının ləğvini tələb edən 13-cü protokolunu ratifikasiya etmək ərəfəsindədir. Lakin Ermənistan rəsmi öhdəlik götürməsinə baxmayaraq, bunu yerinə yetirməkdən boyun qaçırır. Ermənistan bu barədə beynəlxalq təşkilatlar qarşısında vədlərini də yerinə yetirməmişdir.
Daha sonra bildirilir ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələsi AŞPA-nın payız sessiyasında müzakirə olunarkən 6 nömrəli protokolun ratifikasiya edilməməsi ilə bağlı Ermənistan kəskin tənqidə məruz qalmışdır. Bəzi deputatlar 2003-cü ilin yanvar ayına qədər son möhlət verməyi təklif etsələr də, nəticə etibarilə bu prinsipial məsələyə daha liberal mövqedən yanaşılmış, ölüm cəzasını ləğv etməkdən boyun qaçıran bu ölkəyə 2003-cü ilin iyununa qədər vaxt verilməsi mümkün sayılmışdır.
Deputat R.Hüseynovun hazırladığı sənədin əsas müddəalarından biri bundan ibarətdir ki, Ermənistan hətta güzəşt edilərək uzadılmış bu müddətdə də ölüm hökmünü ləğv etmək fikrində olmadığını bütün fəaliyyəti ilə nümayiş etdirir. İndiyə qədər bu istiqamətdə konkret bir addım atılmayıbdır. 2003-cü ilin mayında orada yeni parlament seçkiləri keçiriləcəkdir. Yeni parlamentin formalaşması, insan hüquqları üzrə Avropa konvensiyasının 6 nömrəli protokolunun ratifikasiyası, bununla bağlı Ermənistanın hüquq qanunvericiliyində müvafiq dəyişikliklər edilməsi üçün xeyli vaxt tələb olunacaqdır. Beləliklə, Ermənistanın götürdüyü öhdəliyi yerinə yetirməsi barədə AŞPA-nın iyun sessiyasında hesabat verməsi çox çətin olacaqdır.
Sənədin tövsiyə hissəsində deyilir ki, Ermənistan bu ləngitməni siyasi məqsədlər üçün edir və AŞPA-nın tələblərinə etinasız münasibət göstərir. Bildirilir ki, Ermənistan AŞPA-nın 2003-cü ilin iyununda keçiriləcək sessiyasına qədər ölüm hökmünün ləğvi ilə əlaqədar götürdüyü öhdəliyi yerinə yetirməsə, Avropa Şurasının ciddi tədbirlər görməsi vacibdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq