İQTİSADİYYAT
“Azərenerji” yenidən qurulan “Dübəndi” yarımstansiyasına media-tur təşkil edib VİDEO
![“Azərenerji” yenidən qurulan “Dübəndi” yarımstansiyasına media-tur təşkil edib VİDEO](/files/2020/1/1200x630/15814118932185339573_1200x630.jpg)
Bakı, 11 fevral, AZƏRRAC
“Azərenerji” ASC fevralın 10-da Bakının Pirallahı rayonunda əsaslı şəkildə yenidən qurulmaqla açılışı olan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyasına media-tur təşkil edib.
AZƏRTAC xəbər verir ki, stansiya “Azərenerji”nin 2018-ci ilin payızından başlayan “Reabilitasiya proqramı”na əsasən yenidən qurulub və Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.
ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, “Reabilitasiya proqramı” çərçivəsində ölkənin ən böyük 12 elektrik stansiyası və 20-dək yarımstansiyada yenidənqurma, təmir, bərpa işləri aparılır. “Dübəndi” yarımstansiyası da sökülərək tam yenidən qurulan yarımstansiyalardandır: “Proqram əsasında yenidən qurulan “Müşfiq”, “Zabrat” və “Dübəndi” yarımstansiyaları artıq istismara verilib. “8-ci kilometr” və Sumqayıtdakı “Sulfanol” yarımstansiyalarında yenidənqurma işləri yekunlaşıb. “Xırdalan”, “Əhmədli” və “Maştağa” yarımstansiyalarında isə əsaslı tikinti və yenidənqurma işləri davam edir”.
O deyib ki, qəzaların qarşısının alınması, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir. Bu səbəbdən də 67 il əvvəl istismara verilən açıq tipli 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyası qapalı şəkildə yeni texnologiyalar əsasında tam yenidən qurulub. Yaranan qısa qapanmaları və sistem qəzalarını aradan qaldırmaq üçün yarımstansiyanın transformatorları daha güclü transformatorlarla əvəz edilib, rele mühafizəsi, avtomatika və idarəetmə sistemləri ilə komplektləşdirilmiş idarəetmə binası tikilib. Nəticədə güc defisiti aradan qaldırılmaqla, etibarlılıq və dayanıqlılıq təmin edilib. Beləliklə, Abşeron yarmadasında yerləşdiyindən yarımstansiyanın elektrik avadanlıqlarının açıq şəraitdən qapalı şəraitə keçirilməsi atmosfer şəraitinin aşılayıcı təsirinə məruz qalması təhlükəsindən çıxarılıb. Dispetçer İdarəetmə Mərkəzi və yarımstansiyanın mikro SCADA sistemi yaradılıb. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji durumun yaxşılaşdırılması məqsədilə sökülmüş köhnə paylayıcı qurğuların ərazisində abadlaşdırma işləri aparılıb, yüzlərlə ağac və dekorativ bitkilər əkilib.