“AzerGold”: İlin sonunadək məhsul portfelinin daha bir neçə yeni məhsulla genişləndirilməsi planlaşdırılır
Bakı, 6 iyul, AZƏRTAC
Bu günədək müxtəlif mövzularda 14 qızıl və 11 gümüş olmaqla ümumilikdə 25 kolleksiya nümunəsini istehsal etmişik.
Bu barədə AZƏRTAC-a müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
“Kolleksiyalarımız arasında mədəni irsimizə həsr edilmiş qızıl sikkələri xüsusi yer tutur və ən çox tələbatlı məhsullar hesab edilir. Hətta mən deyərdim bəzi limitli kolleksiyalar proqnozlaşdırılandan da daha erkən satılır. Bəzən müştəri tələbatını qarşılamaqda çətinlik çəkirik. Son dövrlər gümüş də öz sözünü deməyə başlayıb. Gümüşdən istehsal etdiyimiz məhsullara maraq artıb və bu, məhsulların satış imkanlarının genişlənməsinə və alıcılıq qabiliyyətinin artmasına da müsbət təsir göstərir. Xüsusilə “Smartminting” metodu ilə hazırlanmış “Nadir fauna növləri”, “Bakı” və “Əcəmi irsi - Naxçıvan” gümüş sikkə kolleksiyalarını misal göstərmək olar”, - deyə QSC sədri əlavə edib.
Z.İbrahimov bildirib ki, “Smartminting” texnologiyası əsasında Asiya regionunda ilk dəfə hazırlanmış sikkə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr etdiyimiz “100 il və onun fövqündə bir irs” qızıl sikkəsidir. Numizmatika sahəsində mühüm yenilik olan bu texnologiya mürəkkəb və yüksəkrelyefli dizaynların üçölçülü formatda sikkələr üzərində əks olunmasına imkan yaradır. Hazırda bu texnologiya əsasında hazırlanmış 6 gümüş məhsulu satışdadır. Cari ilin sonunadək məhsul portfelinin daha bir neçə yeni məhsulla genişləndirilməsi planlaşdırılır.