“AZƏRİQAZ” QSC-DƏ CARİ İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Səhmdar cəmiyyətinin sədri Əlixan Məlikov jurnalistlərə bildirdi ki, Dövlət Neft Şirkətindən cari ilin ötən dövründə 4 milyard 500 milyon kubmetrə yaxın qaz təhvil alınmış, yerli qaz bütünlüklə əhalinin və sənaye-istehsal obyektlərinin, müəssisə və təşkilatların tələbatının ödənməsinə yönəldilmişdir. Rusiyanın “Qazeksport” şirkətindən idxal edilən qazın həcmi 4 milyard 500 milyon kubmetrə çatmış, alınan qaz əsas etibarilə elektrik stansiyalarının tələbatını ödəmək üçün “Azərenerji”yə verilmişdir.
2006-cı ildə ARDNŞ-dən alınan mavi yanacağın 4 milyard 900 milyon kubmetr həcmində proqnozlaşdırıldığını xatırladan sədr dedi ki, “Əsrin müqaviləsi”nə uyğun olaraq, bu ilin may ayından “Mərkəzi Azəri” və “Çıraq” platformalarından hasil edilən səmt qazı da Səngəçal terminalı vasitəsilə “Azəriqaz”a verilmişdir. İndiyədək bu sistemlə 800 milyon kubmetr qaz alınmışdır. Gələn il Rusiyanın “Qazeksport” şirkətindən min kubmetri 110 dollara 4 milyard 500 milyon kubmetr qaz alınmasına dair razılaşma sənədi imzalanmışdır. Rusiyadan alınacaq qazın qiyməti iki dəfə bahalaşsa da, respublika hökuməti gələn il əhaliyə satılacaq mavi yanacağın qiymətini artırmayacaqdır.
Bildirildi ki, yeraltı qaz anbarlarına indiyədək 1 milyard 24 milyon kubmetr qaz vurulmuşdur. Bu, 1991-ci ildən bəri ən yüksək göstəricidir və əhalinin və sənaye müəssisələrinin qış mövsümündə mavi yanacağa olan tələbatının etibarlı şəkildə ödənilməsinə şərait yaradır. Əhaliyə satılan qazın yığım faizinin ilin əvvəlindən bəri 30 faizdən aşağı olduğu, lakin toplanan pulun ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə, ümumi yığım faizinin isə 9 faiz artdığı bildirildi.
Respublika Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu il 220 min qaz sayğacının quraşdırılması nəzərdə tutulsa da, artıq bu rəqəmin 260 minə çatdırıldığını vurğulayan “Azəriqaz”ın sədri dedi ki, indiyədək ümumən 311 min abonent sayğacla təmin edilmişdir. Sayğacla təmin edilən mənzil, ev və istixana sahibləri qaz haqqını vaxtında ödəyirlər. Gələn il 500 min ədəd sayğac quraşdırılacaqdır.
Respublika paytaxtının qazla təminatını yaxşılaşdırmaq məqsədi ilə yeni kəmərlər, qazpaylayıcı şəbəkələr inşa edildiyini, əsaslı təmir-bərpa işləri görüldüyünü, bir sıra yaşayış massivlərinin mavi yanacaqla təchizatını yaxşılaşdırmaq üçün səmərəli tədbirlər həyata keçirildiyini bildirən sədr Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakının ətraf qəsəbələrini mavi yanacaqla təmin etmək məqsədi ilə kompleks tədbirlər proqramının hazırlanıb Nazirlər Kabinetinə təqdim olunduğunu söylədi. Eyni zamanda, İmişliyə qaz verilməsinə başlanmış, gələn il isə qaz almayan 4 rayon - Beyləqan, Ağcabədi, Lerik və Yardımlı da qazla təmin ediləcəkdir. Bunun üçün bütün texniki-iqtisadi əsaslandırma, layihələndirmə işləri başa çatdırılmışdır.
Cəmiyyətin sədri başa çatmaqda olan ilin ən mühüm hadisəsi kimi Naxçıvan Muxtar Respublikasına qaz nəqlinin bərpası layihəsinin uğurla həyata keçirilməsini vurğulayaraq dedi ki, hazırda Naxçıvan şəhərində 12 min abonentin mənzilində mavi yanacaqdan istifadə edilir. Azərbaycan və İran prezidentləri arasında əldə edilən razılaşmaya müvafiq olaraq, gələn ildən İrandan Azərbaycana 1 milyard kubmetr qaz idxal edilməsinə imkan yaradan texniki layihələndirmə işlərinə başlanmışdır. Alınacaq qaz ilk növbədə, Əli Bayramlı DRES-in yanacağa olan tələbatının ödənilməsinə sərf ediləcəkdir. Gələn il Naxçıvana verilən qazın həcmi 250 milyon kubmetrə çardırılacaq, sonra isə ilbəil artacaqdır.
Cari ildə bütün büdcə, sosial müdafiə, vergi, kredit, əməkhaqqı ödənişlərinin vaxtında həyata keçirildiyini vurğulayan Ə.Məlikov bir sıra obyektiv çətinliklərin, problemlərin olduğunu da dedi. Bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə imkansız ailələrdən qaz pulu yığılması dayandırılmışdır, lakin bəzi imkanlı abonentlər də dövlət başçısının bu humanist qərarından sui-istifadə edir, qazın pulunu ödəmirlər.
Qış mövsümündə əhalinin, sənaye müəssisələrinin mavi yanacağa tələbatının fasiləsiz və daha etibarlı şəkildə ödənilməsi üçün bütün mövcud imkanlardan səmərəli istifadə ediləcəyini bildirən səhmdar cəmiyyətin sədri sonda jurnalistləri maraqlandıran suallara da cavab verdi.