“Azərişıq” və “Azərenerji”nin rəhbərliyi cəbhə xəttində olub
Bakı, 1 oktyabr, AZƏRTAC
Cəbhə xətti boyunca yerləşən rayonlara səfər edən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev vəziyyətlə yerindəcə tanış olublar.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yerlərdə icra orqanlarının, həmçinin ASC-nin yerli şəbəkələrinin rəhbərləri ilə görüşüblər.
V.Əhmədov bildirib ki, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” ASC-nin əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Erməni silahlı qüvvələrinin kənd və yaşayış məntəqələrini atəşə tutması nəticəsində 250 dəfədən çox müxtəlif gərginlikli xətlər, həmçinin 30-dan çox transformator məntəqəsi vurulub. Bununla belə təmas xəttinə yaxın kəndlərdə 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.
ASC sədri onu da deyib ki, indiyədək qurumun 300-dən çox əməkdaşı ölkənin ərazi bütövlüyü uğrunda aparılan müharibədə könüllü olaraq ordu sıralarına qoşulub.
V.Əhmədov cəbhə xəttində yaradılmış xüsusi qərargahda toplantı keçirib, cəbhəboyu rayonlara ehtiyat dayaqlar, naqillər, komplekt transformator məntəqələri (KTM) və generatorların çatdırılması ilə bağlı tapşırıqlarını verib.