“Azərkosmos” “IBC 2023” beynəlxalq sərgi-konfransında təmsil olunub
Bakı, 19 sentyabr, AZƏRTAC
“Azərkosmos” ASC sentyabrın 15-dən 18-dək Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2023” beynəlxalq sərgi-konfransında təmsil olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb.
Sərgi iştirakçılarına “Azərkosmos”un fəaliyyəti, Azerspace-1 və Azersace-2 peyklərinin təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumat verilib, həmçinin bir sıra şirkətlərlə işgüzar görüşlər keçirilib.
Peyk xidmətləri, texnologiya, innovasiya və yayım sahəsi üzrə keçirilən, 170 ölkədən 40 mindən çox nümayəndənin iştirak etdiyi sərgidə yayım və texnologiya sahəsində dünyanın aparıcı brendləri və müxtəlif startaplar daxil olmaqla, ümumilikdə 1000-dən çox şirkət təmsil olunub.