İQTİSADİYYAT
“Azərkosmos”un sədri: Bu seminar Azərbaycana və bütün tədbir iştirakçılarına yeni ideyalar qazandıracaq
Bakı, 29 sentyabr, AZƏRTAC
Bu seminar Azərbaycana və bütün tədbir iştirakçılarına yeni ideyalar qazandıracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İnkişaf etməkdə olan kosmik ölkələr üçün çağırışlar və potensial inkişaf imkanları” mövzusunda seminarın açılışında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
S.Əsədov qeyd edib ki, Azərbaycan 2013-cü ildən kosmik ailəyə qoşulub və ölkəmiz son 10 ildə kosmosa böyük yatırımlar edib. “Regional və beynəlxalq əməkdaşlığa çox böyük diqqət yetiririk. Kosmik sahədə bir sıra aparıcı təşkilatlarla əməkdaşlıq edirik. Azərbaycanda kosmik dayanıqlıq və bu sahədə innovasiyaların tətbiqinin dəstəyi bizim Agentliyin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Davamlı dayanıqlıq kosmik sahədə olduqca önəmlidir. Biz BMT-nin Kosmik Məsələlər üzrə İdarəsinə bu sahədə daim dəstək verməyə hazırıq. Həmçinin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Kosmik fəaliyyət haqqında Qanun” təsdiq olunub. Bu Qanun Azərbaycanda kosmik yatırımlara və fəaliyyətlərə daha geniş imkan yaradır”, - deyə “Azərkosmos”un sədri bildirib.
Seminarın keçirilməsini növbəti uğur adlandıran Saməddin Əsədov bu tədbirin “Azərkosmos”, BMT-nin Kosmik Məsələlər üzrə İdarəsi və Beynəlxalq Astronavtika Federasiyası tərəfindən birgə keçirildiyini diqqətə çatdırıb.
S.Əsədov qeyd edib ki, növbəti günlər ərzində seminar iştirakçıları kosmik elm, texnologiyalar və tətbiqləri müzakirə etmək üçün gözəl imkan qazanacaq. “Mən rəqabətli və dinamik kosmik sənayenin nümayəndələri ilə birgə hazırda inkişaf etməkdə olan ölkələrdə kosmik obyektlərin istehsalı barədə müzakirələrdə iştirak etmişəm. Belə qənaətə gəlmək olar ki, dünyada hazırda hər bir ölkənin ən az bir peyki var və müxtəlif kosmik həllər irəli sürülür və bu, çox önəmli mövzudur”, - deyə o əlavə edib.