“Azərsu” ASC-də Yeni Azərbaycan Partiyasının 22-ci ildönümü qeyd olunub
Bakı, 20 noyabr, AZƏRTAC
Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi xidmətləri olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümü noyabrın 20-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) qeyd edilib.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə YAP “Azərsu” ASC ərazi ilk təşkilatının sədr müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə məlumat verib.
Sonra çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov vurğulayıb ki, xalqa, Vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verib. YAP iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi, ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb, respublikamız regionun liderinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub. Bu sahədə işlərin məntiqi davamı olaraq paytaxtda və bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri də uğurla həyata keçirilməkdədir.
YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü, təşkilatın sədr müavini Tağı Əhmədov ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışaraq, ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən bəhs edib. Bildirilib ki, ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda siyasi partiyanın rolunu uzaqgörənliklə qiymətləndirərək, 1992-ci il noyabrın 21-də təsis edilmiş Yeni Azərbaycan Partiyasının sədri olmaq məsuliyyətini üzərinə götürdü. Yarandığı gündən özünün siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəz edən uğurları Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib.
Daha sonra təşkilati məsələlərə baxılıb, idarə heyəti yenidən formalaşdırılıb.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.