AzMİU-da təlimlər: tələbələr biznes ideyalarını təkmilləşdirməyin yollarını öyrəniblər
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Böyük Britaniyanın London South Bank Universitetinin nümayəndəsi Linsey Cole və “Changeschool”un nümayəndəsi Viren Lall tərəfindən müəllimlər və tələbələr üçün intensiv təlimlər keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, təlimlər “British Council” tərəfindən həyata keçirilən “Creative Spark” proqramı çərçivəsində təşkil olunub. Məqsəd tələbələrdə sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, onların startap layihələrinin həyata keçirilməsinə təkan verilməsi, müəllimlərin müəssisə və sahibkarlıq təhsilini öz tədris planlarında önə çəkmələri və bu sahədə Böyük Britaniya təcrübəsini tətbiq etmələridir.
Təlimlər zamanı müəllimlər və tələbələr müxtəlif biznes modelleri üzərində işləyib, öz biznes ideyalarını necə təkmilləşdirməyin yollarını öyrənib və həmin ideyaları kiçik maketlər formasında hazırlayaraq təqdim ediblər. Təlimlərin maraqlı və yaddaqalan məqamlarından biri də müəllimlərin və tələbələrin bir-birlərinin işini müşahidə edərək öz fikirlərini bildirmələri olub.
Sonda isə bütün iştirakçılara London South Bank Universiteti və “Changeschool” tərəfindən sertifikatlar təqdim olunub. Sertifikatları Böyük Britaniyadan olan mütəxəssislər Linsey Cole, Viren Lall, AzMİU-nun strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova və strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva təqdim ediblər.