AzMİU nümayəndəsi Nyu-York Universitetində məruzə ilə çıxış edib
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorunun müşaviri Sərxan Talıbzadə Nyu-York Universitetində keçirilən beynəlxalq tədbirdə (“Optimization, Control and AI”) məruzə ilə çıxış edib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, o, aşağı resurslu dillərdə akademik mətnlərin süni intellekt vasitəsilə plagiat analizi üzrə apardığı tədqiqatın nəticələrini iştirakçılarla bölüşüb. Qeyd olunan mövzu Sərxan Talıbzadənin hazırda üzərində çalışdığı elmi-tədqiqat işinin əsas istiqamətlərindəndir.
Tədbir çərçivəsində Harvard, Prinston, Fudan, Şanxay Jiao Tonq, London Kraliça Mariya universitetləri, London İmperial Kolleci kimi dünyanın aparıcı ali təhsil müəssisələrindən olan alimlərin çıxışları dinlənilib.
Səfərin növbəti günündə Sərxan Talıbzadə BMT-nin UNU-INWEH təşkilatı tərəfindən keçirilən hakatonda münsiflər heyətinin üzvü kimi çıxış edib. O, həmçinin Stokholm Su Mükafatı laureatı, dünyaşöhrətli hidrogeoloq professor Con Çerri ilə elmi müzakirələr aparmaq imkanı qazanıb.
Səfərin sonuncu günü AzMİU nümayəndəsi Şanxay Robot Sənaye Texnologiyaları Elmi-Tədqiqat İnstitutunda elm-sənaye inteqrasiyası əsasında yaradılan innovativ həllərlə tanış olub.
Sərxan Talıbzadə səfərin yüksək səviyyədə təşkil olunmasını, elmi işinə beynəlxalq akademik ictimaiyyət tərəfindən verilən dəyəri və iştirakla bağlı bütün xərclərin qarşılanmasını böyük etimad göstəricisi kimi qiymətləndirib. Bildirib ki, nüfuzlu beynəlxalq elm adamları ilə süni intellekt texnologiyalarının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq onun üçün çox dəyərli elmi təcrübə olub.