Baba Vəziroğlu: Qəbələdə beynəlxalq kino festivalı keçirilə bilər
Qəbələ, 18 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ötən il Bakıda “Koreya Kinosu Günləri” keçirilib. Bu il isə bu tədbirin miqyası daha da genişlənib və ölkəmizin 5 şəhərində film festivalları təşkil edilib. İyulun 6-dan avqustun 16-dək Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə keçirilən Koreya Kinosu Festivalı böyük əhəmiyyət kəsb edib və geniş tamaşaçı marağına səbəb olub”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qəbələdə jurnalistlərə müsahibəsində tanınmış nasir, şair, tərcüməçi, kinodramaturq, əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. O, Azərbaycanda kinematoqrafiyanın, milli kinomuzun inkişafı üçün islahatların həyata keçirildiyini, müasir kino müəssisələrinin tikintisindən tutmuş dövlət hesabına filmlərin çəkilməsinə qədər kompleks tədbirlərin görüldüyünü qeyd edib. Bu da kino sahəsinin inkişafına böyük töhfələr verir. Ümumiyyətlə, bir ay 10 gün ərazində keçirilən Azərbaycanda Koreya Kinosu Festivalında fəlsəfi, psixoloji, ictimai-siyasi əhəmiyyətə görə xüsusi dəyərə malik 10 Koreya filmi nümayiş edilib ki, onların da hamısı Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub. Filmləri ümumilikdə 21 minə yaxın tamaşaçı izləyib. Bu onu göstərir ki, Azərbaycanda mədəniyyət tədbirləri təkcə paytaxtda deyil, həm də bölgələrdə keçirilir. Bunun üçün böyük imkanlar və şərait var. Festivalın bağlanış mərasiminin Qəbələdə keçirilməsi heç də təsadüfü deyil. Festivallar şəhəri olan Qəbələ getdikcə ölkənin mədəniyyət paytaxtına çevrilir.
“Bu gün Qəbələdə mənim iştirakımla xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycanın məşhur kinorejissorları İlqar Nəcəf və Asif Rüstəmovun SEBA-nın sədri Ruhəngiz Heydərova ilə görüşü oldu, ölkəmizdə kino sahəsinin inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Görüş zamanı gələcəkdə Qəbələdə beynəlxalq kino festivalının keçirilməsi ideyası formalaşdı və biz bu təşəbbüsü irəli sürdük. Bunun üçün Qəbələdə hər cür şərait var. Biz düşünürük ki, mötəbər tədbirləri keçirməyə qadir olan SEBA Qəbələdə beynəlxalq kino festivalını da keçirə bilər. İnanırıq ki, bizim bu təklifimiz anlaşılan oldu və yaxın gələcəkdə bu festival təşkil oluna bilər. Qəbələyə dünyanın tanınmış kino aktyorları, rejissorları gələr, film çəkilişləri və təqdimatlar ola bilər. Biz təklifimizin reallaşmasını arzu edirik”.