BABƏK RAYONUNDA TAXIL BİÇİNİ SÜRƏTLƏ DAVAM EDİR
Babək, 2 iyul (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək rayonuna gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır.
Ali Məclisin sədrinə məlumat verilmişdir ki, bu il muxtar respublikada 33 min hektar taxıl əkilmişdir. Zəmilərin 28 min hektarı buğda, 5 min hektarı isə arpadır. Əkin və becərmə aqrotexniki qaydalara uyğun şəkildə optimal müddətdə həyata keçirilmişdir. Ona görə də sahələrdən bol məhsul götürüləcəyi gözlənilir. Bu il biçilən taxıl sahələrinin hər hektarı üçün ötən ilin payızında torpaq mülkiyyətçilərinə 40 manat məbləğində yardım göstərilmişdir. Torpaq mülkiyyətçiləri hər hektar üçün ötən ilin payızında 150, cari ilin yaz aylarında isə 100 kiloqram pulsuz gübrə ilə təmin edilmişdir.
Taxılın vaxtında və itkisiz toplanması üçün 102 kombayn saz vəziyyətə gətirilmişdir. Həmin kombaynlardan 60-ı zəmilərdə biçin aparır. Muxtar respublikanın bütün rayonlarında kütləvi taxıl biçininə başlanıldıqdan sonra digər kombaynlar da işə salınacaqdır. Taxıl biçinində Naxçıvan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnikasından da istifadə olunur.
Qeyd olunmuşdur ki, Babək rayonunun kənd əməkçiləri bu il 11 min 58 hektar sahədən taxıl biçəcəklər. Artıq 900 hektarda biçin başa çatdırılmışdır. Hektardan orta hesabla 25 sentner məhsul götürülmüşdür. Hazırda sahələrdə 30 kombayn işləyir.
Taxıl biçini aparılan ərazidə səpin zamanı akademik Cəlal Əliyevin yetişdirdiyi “Qiymətli”, Rusiya Federasiyasından gətirilmiş “Moskviç” buğda sortlarından istifadə olunmuşdur. Əkin şırım üsulu ilə aparılmışdır. Bu üsul becərmə texnologiyasında yenilik olmaqla yanaşı, su itkisinin, torpağın yuyulmasının qarşısının alınmasında əhəmiyətli rol oynayır. Əraziyə aqrotexniki qaydalara uyğun qulluq göstərildiyindən məhsuldarlıq yüksəkdir. Mövcud texnika biçini vaxtında və itkisiz keçirməyə imkan verir.
Baxış zamanı “Qılçıqsız” buğda sortunun çörək istehsalı üçün əlverişli olduğu bildirilmiş, əkin zamanı belə buğda sortlarından istifadə edilməsinin əhəmiyyəti vurğulanmışdır.
Ali Məclisin sədri muxtar respublikada taxılın vaxtında və itkisiz toplanması, rayonlarda orta məhsuldarlığın müəyyənləşdirilməsi, gələn həftənin əvvəlindən taxılın qəbuluna başlanması və digər məsələlər barədə tapşırıqlar vermişdir.
######
