Badminton millisinin baş məşqçisi: Komandamız yarışa tam hazırdır
Bakı, 6 fevral, AZƏRTAC
"Hazırlıqlarımız bir aydır fiziki və texniki olaraq davam edir".
AZƏRTAC xəbər verir ki, bu sözləri badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi Bakıda “Azerbaijan International 2024” yarışına hazırlıq məqsədilə keçirilən təlim-məşq toplanışı barədə jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, komanda fevralın 8-də start götürəcək yarışa tam hazırdır: "Çox çalışırıq, ona görə də idmançıların yaxşı çıxış edəcəklərinə dair ümidlərimiz böyükdür. İlk dəfədir ki, gənc badmintonçularımıza da belə bir turnirdə mübarizə aparmaq üçün şans vermişik. Azərbaycanı təmsil edəcək 18 idmançıdan 13-ü məhz gənclərdir. Bu, onlar üçün böyük təcrübə olacaq".
M.Validarvi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə yüksək nəticə gözlədiyi idmançıların adlarını da açıqlayıb: "Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın yaxşı mübarizə aparacaqlarına ümid edirəm. İnanıram ki, onlar yarışdan yüksək xallarla ayrılacaqlar".
Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunacaq “Azerbaijan International 2024” yarışı fevralın 11-də yekunlaşacaq.