BAEA İRANIN “NÜVƏ DOSYESİ”Nİ BMT TŞ-YƏ VERİR
Üç gün müzakirə edilmiş sənəd İranın nüvə proqramının hərbi xarakteri ilə bağlı nigaranlığın aradan götürülməsi üçün İranın həyata keçirməli olduğu təxirəsalınmaz tədbirlər barədə BMT Təhlükəsizlik Şurasına məlumat verilməsini nəzərdə tutur.
BAEA-nın İranın nüvə məsələsi ilə əlaqədar nə kimi işlər gördüyü və onun Tehrandan nə gözlədiyi barədə BMT-də tam və aydın təsəvvür olmalıdır. BAEA Müdirlər Şurasının qətnaməsi məhz buna yönəldilmişdir.
İRAN URANIN SAFLAŞDIRILMASINA YENİDƏN BAŞLAYIR
İran Milli Təhlükəsizlik Şurası katibinin müavini Cavad Vahidi bildirmişdir: “BAEA Müdirlər Şurası İranın nüvə probleminə dair qətnamə qəbul etdikdən sonra Tehran bu təşkilatla təminatlar haqqında sazişə Əlavə protokolun fəaliyyətinə xitam verir və uranın saflaşdırılması üzrə işləri tam miqyasda həyata keçirməyə başlayır. Bununla əlaqədar uranı saflaşdırmaq üçün Rusiya ərazisində müştərək müəssisə yaradılması barədə Moskvanın təşəbbüsü məsələsi açıq qalır”.
Halbuki qətnamə hələ qəbul olunmazdan əvvəl İranın xarici işlər nazirinin müavini Abbas Səraci bildirmişdi ki, Tehran özünün “nüvə dosyesi”nə dair danışıqları davam etdirməyə hazırdır.
İran XİN-in nümayəndəsi təhlükəsizlik siyasəti məsələlərinə dair 42-ci Beynəlxalq konfransda çıxışında xəbərdarlıq etmişdir: “Əgər “nüvə dosye”miz BMT Təhlükəsizlik Şurasına verilsə, onda mübahisə daha da qızışacaq və bizim bu fəaliyyəti dayandırmağa imkanımız olmayacaqdır”. O, forumun iştirakçılarına belə bir sualla müraciət etmişdir: “Nə üçün regionun digər ölkələrinə, xüsusən də, 220-dən çox nüvə döyüş sursatına malik olan bir ölkəyə təhlükə mənbəyi kimi baxılmır, bizim laboratoriya tədqiqatlarımız isə təhlükəli sayılır”?
İran diplomatı demişdir: “Hesab edirik ki, bizim proqram kifayət qədər aşkar və şəffafdır. O, tamamilə dinc məqsədlərə yönəldilmiş proqramdır. Biz nüvə proqramımızın ən mühüm hissəsinə - saflaşdırılmış uran istehsalına dair danışıqları davam etdirməyə hazırıq”.