BAKI –TBİLİSİ-CEYHAN Ko ŞİRKƏTİ DİREKTORLAR ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Bakı-Tbilisi-Ceyhan Ko (BTC Ko) Şirkəti Direktorlar Şurasının Tbilisi şəhərində keçirilmiş iclasında Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində əsas ixrac neft boru kəmərinin tikintisində mövcud vəziyyət, həm də Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədləri üzrə görülən işlər müzakirə olunmuşdur. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən müxbirimizə bildirmişlər ki, Direktorlar Şurasının üzvləri müzakirə zamanı hər iki sahədə qazanılan real uğurlardan razı qaldıqlarını vurğulamışlar. Onlar Gürcüstan prezidenti Eduard Şevardnadze və Şərq-Qərb dəhlizi Layihələrinə dəstək üzrə xüsusi komissiyanın üzvləri ilə də görüşmüşlər. Görüşdə Gürcüstan prezidenti də, komissiya üzvləri də görülən işləri yüksək qiymətləndirmişlər. Şuranın üzvləri, həmçinin Rustavi şəhərində və Qardabani rayonunda olmuş, boruların bazaya çatdırılması və nasos stansiyasının inşası ilə maraqlanmışlar. Gürcüstan ərazisində kəmərin tikintisi cədvəl üzrə aparılır. Əsas podratçı Spi Kapaq birgə müəssisəsi 128-ci kilometrdə inşaat işlərinə başlamışdır. Avqust ayında ilk boruların düzülməsi üçün artıq hazırlıq işləri görülür. Burada çalışan işçilərin 75-80 faizini yerli əhali təşkil edir. Kəmər 2005-ci ilin əvvəllərinədək hazır olacaqdır.