Bakı Apellyasiya Məhkəməsinin sədri Avropa Şurasının pilot məhkəmələr şəbəkəsinin iclasında iştirak edib
Bakı, 11 aprel, AZƏRTAC
Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) növbəti iclası Polşanın Lublin şəhərində keçirilib. Avropa Şurasının pilot məhkəmələr şəbəkəsinə daxil olan Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov iclasda iştirak edib.
Bu barədə AZƏRTAC-a Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.
İclasın gündəliyinə məhkəmə təcrübəsində aktuallığını itirməyən mövzular daxil edilib. Belə ki, gündəlikdə məhkəmələrdə həddindən artıq olan iş yükünün azaldılması üçün tədbirlərin müəyyənləşdirilməsi, lüzumsuz təxirə salınmaların səbəbləri, mülki məhkəmə icraatının müxtəlif mərhələlərinə uyğun olaraq müddətləri təhlil etmək üçün alətlərin müəyyən olunması, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı üzv ölkələr arasında mövcud müxtəlif qiymətləndirmə modellərinin müqayisəsi kimi Avropa məkanında ortaqlıq və oxşarlıq baxımından daha çox müzakirəyə səbəb olan məsələlər yer alıb.
Mülki sahədə ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə mülki məhkəmə icraatı zamanı gecikmələrin aşkarlanması və onların başvermə səbəblərinin müəyyənləşdirilməsi xüsusi önəm daşıyır. Bu tədbirin keçirilməsində CEPEJ-in hədəfi müvafiq təhlillər əsasında uzunmüddətli perspektivdə gecikmələrin aradan qaldırılması üçün praktiki əhəmiyyəti olan hüquqi sxemlərin müəyyənləşdirilməsi olub.
Panel iclasda çıxış edən Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov daxili qanunvericiliyə əsasən, mülki icraatın müddətlərinin tənzimlənməsi qayda və tələbləri barədə danışıb. Bildirib ki, ölkənin mülki prosessual qanunvericiliyinə edilmiş sonuncu dəyişikliklərə əsasən, Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş “işlərə ağlabatan müddətlərdə baxılması” konsepsiyası qanunvericilikdə əksini tapıb. Hazırda mülki işlərə müvafiq normaların tələblərinə görə “ağlabatan müddətlərdə” baxılmalıdır. Bununla yanaşı, ayrı-ayrı kateqoriya işlər üzrə konkret prosessual müddətlər də müəyyən edilib. Eyni zamanda, Mübariz Əkbərov Azərbaycanda mülki işlər üzrə məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üçün görülən tədbirlərə də diqqəti cəlb edib. Ümumi səslənən fikirlərə görə “məhkəmələr işlərə ağlabatan müddətlərdə baxmalı” tezisi hər bir işin konkret halları əsasında müəyyən olunmalıdır.
Qeyd edək ki, Avropa Məhkəməsi məhkəmə araşdırması müddətinin “ağlabatan müddət” meyarına uyğunluğunu qiymətləndirərkən işin mürəkkəbliyi, ərizəçinin davranışını, dövlət orqanlarının davranışı və ərizəçinin məruz qala biləcəyi risklər və s. amillərə əsaslanıb. Hər üç məsələ ayrılıqda nəzərdən keçirilməklə, sonda prosesin müəyyən mərhələlərində və ya bütün proses ərzində həddən artıq gecikmələrin baş verib-verməməsi müəyyən edilməlidir.
İclasda iştirak edən hakimlər və CEPEJ-in ekspertləri tədbirin praktiki önəmini qeyd edərək, bu sahədə əməkdaşlığın davamlı olmasının vacibliyini vurğulayıblar.