BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 590 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4907 manat olmuşdur. Təklifin həcmi 520 min və tələbin həcmi 590 min dollar olduğu halda, manatın məzənnəsi 4 bənd düşmüş və 1 dollar üçün 4911 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4909,67 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 6 milyon 790 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 33,337 milyarddır. Bir əqdə, orta hesabla, 522 308 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
Banklar BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 44,392 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyulun 16-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.