Bakı Dövlət Universiteti: türkiyəli dosent tələbələrə onlayn mühazirə deyib
Bakı, 21 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin tələbələrinə Türkiyənin Fırat Universitetinin Müasir türk dilləri kafedrasının dosenti Süleyman Kaan Yalçının Azərbaycan ədəbi dili tarixi fənnindən “Türkcənin söz varlığı” mövzusunda onlayn mühazirəsi təşkil olunub. Onlayn tədbirdə tələbələrlə yanaşı, fakültənin professor-müəllim heyəti də iştirak edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, S.K.Yalçın tələbələrə söz və onun funksiyaları, dilin lüğət tərkibi və lüğət fondu, ədəbi dilin lüğət tərkibində qərarlaşmış sözlərin struktur-semantik xüsusiyyətləri haqqında məlumat verib. Türk dillərinin inkişaf tarixindən bəhs edən məruzəçi, həmçinin leksik quruluşun özəllikləri, alınma sözlərin mənimsənilməsi məsələləri, onların milliləşdirilməsi istiqamətində atılan addımların müsbət və mənfi tərəfləri, türk dillərindən başqa dillərə keçmiş sözlərin taleyi haqqında danışıb.
Eyni zamanda, çıxışda türk və Azərbaycan dillərinin leksik-semantik quruluşu ilə bağlı müqayisələr aparılıb, özləşmə (eyniləşmə) meyilləri haqqında bəzi məqamlara toxunulub, dilin lüğət tərkibinin yad dillərin təsirindən qorunması istiqamətində fikir və təkliflər səsləndirilib.
Fakültə dekanı Elçin Məmmədov iki universitet arasında əməkdaşlığın perspektivlərindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Sonda məruzəçi tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, S.K.Yalçın Türkiyədə Azərbaycan dilinə həsr olunmuş “Azerbaycan Türkçesi Grameri” adlı ilk irihəcmli monoqrafiyanın müəllifidir. 2018-ci ilin noyabr ayında BDU-nun Filologiya fakültəsində həmin kitabın təqdimatı keçirilib. Həmçinin bir neçə dəfə elmi-ədəbi tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizin qonağı olan alim Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. S.K.Yalçın görkəmli Cəfər Cabbarlının hekayələrini türk dilinə tərcümə etdiyinə görə 2012-ci ildə ədibin adını daşıyan mükafata layiq görülüb.