BAKI DÜNYANIN ƏN GÜCLÜ GÜLƏŞCİLƏRİNİ QƏBUL ETMƏYƏ HAZIRDIR
Təşkilat komitəsinin martın 19-da Gənclər, İdman və Turizm Nazirliyində keçirilən iclasında komitə üzvlərinin məlumatı dinlənilmişdir. Azərbaycan Güləş Federasiyasının birinci vitse–prezidenti Cavanşir Qurbanov bildirdi ki, işin əsas hissəsi başa çatmış, idmançıların yaşayacağı və məşq edəcəyi yerlər müəyyən olunmuşdur. İdman-Konsert Kompleksində gələcək yarışlara hazırlıq davam edir. Tədbirin sponsorları yarışların mükafat fondu üçün 120 min dollar məbləğində vəsait ayırmışlar.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev iclasa yekun vuraraq dedi ki, paytaxtımız yenidən belə mötəbər yarış keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir. Yarışda Avropanı Rusiya, Cənubi Amerikanı Kuba, Şimali Amerikanı Kanada, Asiyanı İran, Afrikanı CAR təmsil edəcəkdir. Azərbaycan yığması da daxil olmaqla, bütün bu komandalar dünyanın ən güclu komandası adı uğrunda mübarizə aparacaqlar. Beynəlxalq və Avropa güləş federasiyalarının bütün rəhbərliyi də Bakıya gələcəkdir. Nazir bildirdi ki, yarışların “Avrosport” telekanalı vasitəsi ilə yayımlanacağı gözlənilir.
Komandamızın tərkibinə Afina Olimpiadasına lisenziya qazanmış idmançılar daxildirlər. Sidney Olimpiadasının qalibi Namiq Abdullayev (55 kq), dünya çempionu Arif Abdullayev (60 kq), Avropa çempionatının finalçısı Elman Əsgərov (66 kq), Elnur Aslanov (74 kq), Rüstəm Ağayev (96 kq) onların arasındadır.
Digər komandalar da Bakıda ən güclü tərkibdə çıxış edəcəklər.