Bakı marafonunun Azərbaycan təmsilçisi: Üç ildir mükafatçılar sırasında yer almaq üçün çalışıram
Bakı, 5 may, AZƏRTAC
Üç ildir Bakı marafonunda mükafatçılar sırasında yer almaq üçün çalışıram. Nəhayət, bu il fəxri kürsüdə yer aldım. Gələn il birinci olmağa səy göstərəcəyəm.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində “Bakı Marafonu 2019”da qadınlar arasında üçüncü yerə çıxan Azərbaycan təmsilçisi Anna Yusupova deyib.
“Bakı Marafonu 2019”da təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirən Anna Yusupova qeyd edib ki, yarış iştirakçılarına, o cümlədən mənə marşrutboyu dəstək göstərən azarkeşlərə minnətdarlığımı bildirirəm. Bundan başqa, yolda müxtəlif maraqlı əyləncəli proqramlar təqdim olunmuşdu. Odur ki, 21 kilometr məsafəni qət etməyimi hiss etmədim.
“2016-cı ildən bəri Bakı marafonlarında iştirak edirəm. Müxtəlif illərdə dördüncü, altıncı və yeddinci yeri tutmuşam. Yarışda strategiyanı düzgün seçdiyim üçün bu il, nəhayət, mükafatçılar sırasına düşə bildim. Növbəti marafonda birinci olacağıma inanıram”, - deyə həmyerlimiz Anna Yusupova vurğulayıb.
Qeyd edək ki, “Bakı Marafonu 2019”da qadınlar arasında ukraynalı Valentina Poltavskaya birinci, şotlandiyalı Suzanne Matonti ikinci, Azərbaycan idmançısı Anna Yusupova isə üçüncü olaraq yarışı başa vurub.