Bakı Musiqi Akademiyasının müəllim-tələbə heyəti istehlakçı hüquqları barədə məlumatlandırılıblar
Bakı, 29 mart, AZƏRTAC
İstehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və onların maarifləndirilməsi sahəsində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir. Ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti belə tədbirini martın 29-da Bakı Musiqi Akademiyasında keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda təşkil olunan seminarda təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə istehlakçıların hüquqlarının qorunması sahəsində maarifləndirmənin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi barədə ətraflı müzakirələr aparılıb, iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara müxtəlif maarifləndirici materiallar paylanıb.