Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun beynəlxalq əlaqələri genişlənir
Bakı, 1 dekabr (AZƏRTAC). Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) bu ali təhsil müəssisəsi və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyasının İnformasiya Texnologiyaları və Təlim Vasitələri İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanmışdır.
BPKİYİ-dən AZƏRTAC -a bildirmişlər ki, müqaviləni institutun direktoru, professor Asəf Zamanov və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyasının İnformasiya Texnologiyaları və Təhsil Vasitələri İnstitutunun direktoru, akademik Valeri Bıkov imzalamışlar. Mərasimdə Asəf Zamanov və Valeri Bıkov rəhbərlik etdikləri ali təhsil müəssisələrinin fəaliyyəti və beynəlxalq əməkdaşlıq haqqında məlumat verərək bu əlaqələrin hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edəcəyini vurğulamışlar.
Əməkdaşlıq əsasında informasiya texnologiyaları sahəsində təlimə əsaslanan iş təcrübəsinin öyrənilməsi, informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə əlavə təhsil proqramlarının qiymətləndirilməsi və mübadiləsi, distant təlim kurslarının birgə işlənməsi və həyata keçirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, beynəlxalq təhsil layihələrinin həyata keçirilməsində birgə iştirak, beynəlxalq elmi simpozium, konfrans və təlimlərin təşkil edilməsi və s. nəzərdə tutulmuşdur.
Mərasimdə Ukrayna Milli Pedaqoji Elmlər Akademiyasının Təhsilin Menecmenti Universitetinin rektoru, akademik Viktor Oleynik də iştirak etmişdir.
Son beş ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu dünyanın müxtəlif aparıcı ölkələrinin 30-dək ali təhsil və elmi - tədqiqat institutları ilə əməkdaşlıq müqaviləsi imzalamış və müqavilələrə uyğun olaraq, bu istiqamətdə məqsədyönlü işlər görülmüşdür.