Bakı şəhərinin Baş planının icrası istiqamətində görülən işlər müzakirə edilib
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin hesabat dövründə gördüyü işlər, əldə etdiyi nəticələr əsasında mövcud irəliləyişlər və qarşıda duran hədəflər müzakirə edilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Baş İdarənin rəisi Read Qasımov son 6 ay ərzində paytaxtın Baş planının icrası istiqamətində atılan mühüm addımlar, hazırlanan yeni şəhərsalma layihələri, ictimai məkanların yenilənməsi və qorunması, eləcə də, Elektron Tikinti Portalının (e-tikinti.gov.az) təkmilləşdirilməsi sahəsindəki əhəmiyyətli irəliləyişlər barədə ətraflı məlumat verib. Həmçinin Bakı şəhərinin müxtəlif ərazilərində qanunsuz tikinti və ictimai sahələrin zəbtinə qarşı şəhərsalma nəzarəti çərçivəsində monitorinqlərin gücləndirildiyini qeyd edib.
R.Qasımov gələcək hədəflər sırasında çevik və şəffaf idarəetmə, tikinti və istismara icazələrin verilməsində şəffaf mexanizmlərin genişləndirilməsi, ictimai iştirakçılığın artırılması, şəhərsalma nəzarətinin daha da təkmilləşdirilməsi və ən əsası, şəhərin memarlıq siması, mədəni irsi və şəhər kimliyinin qorunmasının prioritet olaraq qaldığını vurğulayıb.
Tədbirin sonunda təklif və təşəbbüslər səsləndirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.