BAKI SLAVYAN UNİVERSİTETİNDƏ TEMPUS KONFRANSI
Təhsil nazirinin müavini Elmar Qasımov çıxışında konfransın Azərbaycanda Tempus gününə həsr olunduğunu bildirərək vurğuladı ki, sentyabrın 15-də - Bilik günü ölkədə 145 yeni məktəb açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev onlardan ikisinin açılış mərasimində iştirak etmişdir.
E.Qasımov xatırlatmışdır ki, ölkədə yeni məktəblərin tikintisinə və mövcud məktəblərin yenidən qurulmasına dair proqramın təşəbbüsçüsü Heydər Əliyev Fondu və onun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevadır. Bu nəcib fəaliyyət sayəsində minlərlə şagird yeni məktəblərdə oxumaq üçün gözəl imkan qazanmışdır.
Bildirilmişdir ki, konfransın vəzifəsi indiyədək görülmüş işlərə yekun vurmaq və gələcək iş planını müzakirə etmək, yeniliklər və ali təhsil sahəsində transavropa mobil sxemi olan Tempus proqramının inkişafı barədə məlumat verməkdir. Bu proqram Avropa İttifaqı, habelə Balkan, Şərqi Avropa, Mərkəzi Asiya və Aralıq dənizi ölkələri universitetlərinin ali təhsili modernləşdirməyə dair həyata keçirdikləri layihələri dəstəkləyir.
Tempus proqramı 1990-cı ildə yaradılmış və ölkəmiz ona 1995-ci ildə qoşulmuşdur. Həmin ildən 2005-ci ilədək 23 layihə həyata keçirilmiş, Avropa İttifaqı onların maliyyələşdirilməsinə 4,8 milyon avro ayırmışdır. Tempus layihələrində 23 təşkilat və təhsil müəssisəsi, o cümlədən Bakı Dövlət Universiteti, Dövlət İqtisad Universiteti, Dövlət Neft Akademiyası, Texniki Universitet, Naxçıvan Dövlət Universiteti, “Qərb” və “Xəzər” universitetləri iştirak etmişlər.
Konfransda Avropa Evinin əlaqələndiricisi Valter Şporrer, Avropa Komissiyası təhsil və mədəniyyət üzrə baş direktorunun nümayəndəsi Klaus Kerner, Avropa Təhsil Fondunun məsul nümayəndəsi Martina Razner, Milli Tempus Ofisinin direktoru Mahir Kazımov məruzə etmişlər.
Konfransda ali məktəblərin və Avropa Komissiyasının nümayəndələri iştirak edirdilər. İştirakçılar layihələrin müsabiqə qaydaları, layihələrin yeni formaları ilə tanış olmuşlar. Onlara layihələrin hazırlanması barədə tövsiyələr verilmişdir.