Bakı Slavyan Universitetində Xocalı şəhidləri yad edilib
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Bakı Slavyan Universiteti (BSU) nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzi Qarabağ bölməsinin hazırladığı “Xocalı soyqırımı” və “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı” kitablarının təqdimatı olub.
BSU-dan AzrTAc-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru, professor Asif Hacıyev Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri dəhşətləri bir daha xatırladıb, nəşr olunan kitablar barədə məlumat verib. Bildirilib ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülüb. Hazırda Prezident İlham Əliyev bu missiyanı uğurla davam etdirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası ötən illər ərzində böyük uğurlara nail olub. Bu aksiyaya Bakı Slavyan Universiteti də qoşulur. Təqdim olunan kitabların dünyanın 12 dilində nəşr edilməsi bunun əyani sübutudur.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Habil Həmidov, Xocalıda polis rəisi vəzifəsində çalışmış müharibə veteranı Sabir Məmmədov, Xocalı döyüşlərinin iştirakçısı Burzu Rzayev və başqaları azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı, mənfur ermənilərin törətdikləri vəhşiliklər, onların azərbaycanlılara qarşı uzun illər apardıqları ardıcıl etnik təmizləmə və təcavüzü nəticəsində on minlərlə insanın qətlə yetirilməsi, elindən-obasından didərgin düşməsi və bu kimi özbaşınalıqlar barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüblər.
Akademik Kamal Abdullayevin təşəbbüsü və tövsiyəsi ilə nəşr olunmuş kitabların müəllifi BSU-nun dosenti, Qarabağ müharibəsi veteranı Sadir Məmmədovdur. Müəllif çıxışında kitabın ərsəyə gəlməsində göstərilən köməyə görə BSU-nun rəhbərliyinə minnətdarlığını bildirib. O, həm “Xocalı soyqırımı”, həm də “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım” kitablarının azərbaycanlıların məruz qaldığı amansız qətliamın dünya ictimaiyyətinə və gənc nəslə çatdırılmasında əhəmiyyətli vasitə olacağına əminliyini bildirib.
Qeyd edək ki, hər iki kitab 12 dildə (türk, rus, ingilis, yunan, Ukrayna, fransız, alman, Belarus, çex, polyak, bolqar və ivrit) nəşr olunub.
Xocalı soyqırımı ilə bağlı BSU-da silsilə tədbirlər keçirilib. Fevralın 26-da universitetdə Şuşa dram teatrının soyqırımı ilə bağlı hazırladığı tamaşanın nümayişi olacaq.