BAKI VƏ VYANA POLİSİ ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
Nümayəndə heyəti səfərin ilk günü Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər gül dəstələri düzmüşlər. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət etmişlər.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmişlər.
Elə həmin gün Bakı Şəhər Baş Polis İdarəsində qonaqlarla görüş olmuşdur. İdarənin rəisi general-leytenant Məhərrəm Əliyev onlara Bakıda əməliyyat şəraiti barədə məlumat vermiş, cinayətkarlığa qarşı mübarizənin metod və üsulları, əhalinin təhlükəsizliyinin qorunması, görülən profilaktiki tədbirlər və onların müsbət nəticələri haqqında danışmışdır.
Piter Ştidl Vyanada kriminal durum və cinayətkarlığa qarşı mübarizə tədbirləri haqqında fikirlərini bölüşmüş və BŞBPİ ilə qarşılıqlı əməkdaşlığın müsbət nəticələr verəcəyini söyləmişdir. O demişdir ki, Vyana şəhəri öz ərazisi və əhalisinin sayına görə Bakı şəhəri ilə uyğun gəlir. Hər iki şəhərin polis orqanları qarşısında eyni vəzifələr - cinayətkarlığa qarşı mübarizə, əhalinin təhlükəsizliyinin təmin edilməsi və s. məsələlər durur. Bunların içərisində terrorizm və narkomanlığa qarşı mübarizə mühüm yer tutur. Biz çalışmalıyıq ki, müsbət nəyimiz varsa qarşılıqlı şəkildə bir-birimizdən öyrənək.
Sentyabrın 5-də Piter Ştidl və Verner Brinek daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovla görüşmüşlər.
Elə həmin gün qonaqlar Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi ilə görüşmüş, maraqlı fikir mübadiləsi aparmışlar.