Bakı Zooloji Parkı: Şəhərin mərkəzində canlı təbiət guşəsi VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Bakı Zooloji Parkı.
Bakı Zooloji Parkı paytaxtın Nərimanov rayonunda, Dədə Qorqud parkının yaxınlığında, ADA Universitetinin yanında yerləşir. Ümumi ərazisi 4,25 hektar olan zooloji park müasir infrastruktur, geniş gəzinti sahələri və maarifləndirici ekspozisiyaları ilə ziyarətçilərə maraqlı vaxt keçirmək imkanı yaradır. Burada müxtəlif qitələrə məxsus heyvanları yaxından müşahidə etmək, onların yaşayış tərzi haqqında məlumat almaq mümkündür.
1995-ci ilə qədər parkda 60 növ üzrə 200-dən çox heyvan saxlanılırdı. Hazırda isə zooloji parkda 157 növ heyvan saxlanılır ki, onlardan 22-si Azərbaycanın və beynəlxalq təbiəti mühafizə siyahılarında yer alan nadir növlərdir. Parkın akvaterrariumunda 76 növ heyvan qorunur.
Bakı Zooloji Parkı üç əsas şöbədən ibarətdir: Məməlilər (yırtıcılar, gəmiricilər və dırnaqlılar), ornitologiya (quşlar), eləcə də akvarium və terrarium (balıqlar, amfibiyalar, sürünənlər və həşəratlar). Burada nəsli kəsilmək təhlükəsi altında olan bir sıra heyvan növlərinin genofondunun qorunması, artırılması və təbiətə qaytarılması istiqamətində mühüm işlər görülür.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Bakı Zooloji Parkı “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri” siyahısına daxildir.
Təbiəti və canlılar aləmini yaxından tanımaq istəyənlər üçün Bakı Zooloji Parkı paytaxtın ən maraqlı turizm və istirahət məkanlarından biri hesab olunur.