Bakıda 20 Yanvar faciəsi ilə bağlı inşa yazı müsabiqəsi keçirilib
Bakı, 18 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Yanvarın 18-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə paytaxtın orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə faciədən bəhs edən videoçarx göstərilib.
Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim çıxışında 20 Yanvar faciəsindən 26 il keçməsinə baxmayaraq, bu qanlı hadisənin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib. O, şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirib.
Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Rahu Qurbanova gənclərin 20 Yanvar faciəsinin dünyaya tanıdılması istiqamətində daha səylə çalışmalı olduqlarını deyib. R.Qurbanova belə müsabiqələrin 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən öyrənilməsi baxımından önəmini vurğulayıb.
Milli Məclisin deputatları Xanhüseyn Kazımlı və Qənirə Paşayeva 20 Yanvarın Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olduğunu bildirib, gənclərin tariximizi dərindən öyrənmələrinin vacibliyini diqqətə çatdırıblar.
BŞGİBİ-nin rəisi Raqif Abbasov bu qanlı faciənin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığın hər zaman xatırlanacağını qeyd edib.
R.Abbasov 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə hüquqi qiymət verildiyini xatırladıb, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində Ulu Öndərin xidmətlərindən danışıb. O, Ümummilli Liderin əsasını qoyduğu məqsədyönlü siyasətin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edib.
Çıxış edənlər 20 Yanvar faciəsinə dair xatirələrini bölüşüb, gənclərə tövsiyələrini veriblər.
Sonra müsabiqə qalibləri mükafatlandırılıb.