BAKIDA “5 MART- BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ”NƏ HƏSR OLUNMUŞ MOTOŞOU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Motosiklet İdmanı Federasiyası “5 mart - Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş motoşou keçirmişlər.
Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında keçirilən tədbirdə 80-dən çox iştirakçı motosiklet və avtomobillərdə öz bacarığını nümayiş etdirmişdir.
Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Kür Səfərəliyev bildirmişdir ki, əyləncəli oyunu keçirməkdən əsas məqsəd ölkəmizdə motosiklet idmanını təbliğ etmək, habelə, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə kömək göstərməkdir.
Tədbir çərçivəsində Azərbaycanın yığması və əsasən gənclərdən təşkil olunmuş “Ümid” komandası arasında motobol oyunu keçirilmişdir. Fasilə zamanı isə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə alayının, eləcə də Bakının digər klublarının motosikletçilərinin nümayiş etdirdikləri ustalıq tamaşaçıları heyrətə gətirmişdir.
Tədbirdə, həmçinin, müxtəlif əyləncəli müsabiqələr təşkil edilmiş və testlər keçirilmişdir.
Sonda fərqlənmiş idmançılara qiymətli hədiyyələr təqdim olunmuşdur.