Bakıda Avropa Günü münasibətilə rəsmi qəbul təşkil edilib
Bakı, 14 may, Pərvanə Rəhimova, AZƏRTAC
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi mayın 14-də Bakıda Avropa Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Avropa İttifaqının himnlərinin səslənməsi ilə başlayıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard təşkilatın yaranma tarixi barədə məlumat verib. Səfir bildirib ki, 28 ölkəni birləşdirən Avropa İttifaqının gücü onun birliyindədir. O deyib: “Biz qürur duyuruq ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən Avropa İttifaqının tərəfdaşı olub. Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələrdə, o cümlədən “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı əməkdaşlıq mövcuddur”.
Enerji sahəsində strateji əməkdaşlığın davam etdirildiyini bildirən Malena Mard “Cənub” qaz dəhlizi layihəsi üzrə tərəfdaşlıq çərçivəsində birgə çalışdıqlarını vurğulayıb.
Energetika naziri Natiq Əliyev Avropa Günü münasibətilə təbriklərini çatdırıb.
Nazir Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının qarşılıqlı maraq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib. O,
Azərbaycan ilə Avropa İttifaqı arasında illər əvvəl yaranmış münasibətlərin hazırda da müvəffəqiyyətlə davam etdirildiyini söyləyib.
N.Əliyev bildirib ki, Azərbaycanla Avropa İttifaqının TASIS, Tempus, TRACECA, INOGATE, “Şərq tərəfdaşlığı” kimi inkişaf proqramları çərçivəsində əməkdaşlığı ikitərəfli münasibətlərin daha da möhkəmlənməsini və bu nüfuzlu qurumun ölkəmizə verdiyi böyük önəmi bir daha təsdiqləyir.
Nazir, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu qeyd edib. O, həmçinin Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) qaz kəmərlərinin reallaşması istiqamətində görülən işlərdən danışıb.